DÜNYA


Avropada qaz ehtiyatlarının həcmi 60 faizi ötüb

Bakı, 7 iyul, AZƏRTAC

Avropanın yeraltı qaz anbarlarında yanacaq ehtiyatlarının həcmi 60 faizi ötüb.

AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının iyulun 5-nə olan məlumatına görə, Avropa anbarlarına vurulan təbii qazın həcmi 60,15 faizə qədər artıb, bu da son beş ilin analoji dövrlərinin orta göstəricisindən 1,7 faiz azdır. Hazırda anbarlarda 64,6 milyard kubmetr qaz var. 2021-ci ildə bu göstəriciyə yalnız avqustun 9-da nail olunmuşdu. Bundan öncə Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qış mövsümünədək yeraltı qaz anbarlarını ən azı 80 faizə, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizə qədər doldurmağı qərara almışdılar.

Portuqaliyada qaz anbarları 100 faiz dolduğu halda, Polşada bu göstərici 97,41 faiz, Danimarkada 80,96 faiz, Çexiyada 70,94 faiz, Fransada 65,2 faiz, Almaniyada 62,92 faiz, Belçikada 62,5 faiz, İtaliyada 61,62 faiz, Niderland 54,77 faiz, Avstriyada 46,55 faiz, Latviyada 46,45 faiz, Macarıstanda 42,04 faiz, Bolqarıstanda isə 35,4 faizdir.

Yeraltı anbarlara qaz vurulması templəri yaxın gələcəkdə də belə davam etsə, artıq sentyabr ayının əvvəlində Avropanın mavi yanacaq ehtiyatları 80 faizə çata bilər. Lakin bu ay Avropa anbarların doldurulması məsələsində ləngimələr və yeni problemlərlə üzləşə bilər.

Belə ki, iyul ayının 11-dən 21-dək “Şimal axını” qaz kəmərinin hər iki xətti üzrə mavi yanacaq nəqli planlanan təmir işləri ilə əlaqədar müvəqqəti olaraq dayandırılacaq. Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri Robert Habek Rusiyanın təmirdən sonra “Şimal axını” ilə qaz nəqlini tamamilə dayandıra biləcəyindən narahatlığını ifadə edib. Hazırda həmin kəmərə maksimum gücünün yalnız 40 faizi qədər qaz vurulur. Buna Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən “Siemens Energy” kompaniyasının təmir etdiyi qaz turbininin Monrealdan Almaniyaya gətirilməsində problemlərin yaranması səbəb olub. Eyni zamanda, Avropanın elektrik enerjisi istehsalında külək enerjisinin payını proqnozlaşdırmaq hələ ki, çətindir. Hazırda bu göstərici 14 faiz təşkil edir və onun mümkün azalması məişətdə və sənayedə qazdan istifadənin artması, həmçinin qaz ehtiyatının artırılması templərinin aşağı düşməsi ilə nəticələnə bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.