DÜNYA


Avropada ümumi tədqiqatlar məkanı yaradılacaq

Lyublyana, 20 iyul, AZƏRTAC

Avropa İttifaqı ölkələri tədqiqatlar, innovasiya və texnologiyalardan ümumi və sərhədsiz istifadə üçün Avropa Tədqiqatlar Məkanını yenidən canlandırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasına sədrlik edən Sloveniyanın dəvəti ilə Brdo pri Kranyu və Lyublyanada Aİ ölkələrinin tədqiqatlar üzrə məsul nazirlərinin qeyri-formal görüşündə müzakirələr aparılıb.

2000-ci ildə təsis edilən və 2018-ci ildə bərpası istiqamətində addımlar atılan təşəbbüsün əsas hədəfi Aİ məkanında tədqiqadçıların mobilliyini, bilik mübadiləsini artırmaq, tədqiqatlar və innovasiyalara sərmayələri intensivləşdirmək, ali təhsil müəssisələri, işgüzar dairələr, həmçinin digər tədqiqat aktorları arasındakı əməkdaşlığı dərinləşdirməkdir.

Müzakirələr zamanı qeyd edilib ki, sərhədləri aşan təşəbbüs çərçivəsində Aİ məkanında tədqiqatlar, innovativ layihələr sahəsində investisiyalar və islahatlar gücləndiriləcək, Avropanın rəqəmsal və yaşıl inqilaba nail olması üçün strateji hədəflər müəyyənləşdiriləcək.

Görüşdə, həmçinin bildirilib ki, yenilənmiş Avropa Tədqiqatlar Məkanı milli və Avropa tədqiqatlar siyasətinin uğurlu bağlantısına çevrilməlidir. İlin sonunadək Aİ ölkələri yenilənmiş Avropa Tədqiqatlar Məkanının ilk sütunu sayılacaq tədqiqatlar və innovasiyalar üzrə paktı imzalamaq niyyətindədirlər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Lyublyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.