CƏMİYYƏT


Avropada yaşayan azərbaycanlı xanımlar Anna Akopyanın silahlı fotolarına etiraz edirlər

Bakı, 14 sentyabr, AZƏRTAC

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi işğalçı Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsində qanunsuz hərbi təlimlərdə iştirak etməsinə və səngərdə uzanaraq avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən fotolar yaymasına kəskin etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın imzası ilə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda faşist mahiyyətli Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağı 30 ildir işğal altında saxladığı, beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin bu faktı etiraf etdiyi, amma rəsmi Yerevanın dünya birliyinin “Azad et!” tələbinə məhəl qoymadığı, münaqişəni sülh yolu ilə həll etməyə cəhdlər göstərən Azərbaycanın təmas xəttində və dövlət sərhədində təxribatlar törətdiyi, iyul döyüşləri zamanı bütün dünyanın bir daha Ermənistanın məkrli xislətinə şahid olduğu vurğulanıb.

Bəyanatda qeyd edilib ki, Anna Akopyan Tovuz təxribatını ərinin başçılıq etdiyi hökumətin başlatdığını unutdurmaq üçün “sülhpərvər dona” bürünərək Azərbaycan analarına müraciət edirdi. “2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edən və “Sülh uğrunda qadınlar” kampaniyasına azərbaycanlı qadınları da dəvət edən Anna Akopyanın son görüntüləri, qadınları silahlardan istifadə etməklə qonşu ölkənin torpağı olan Dağlıq Qarabağı müdafiə etməyə dəvət etməsi Ermənistan dövlətinin ikiüzlü xarici siyasətindən xəbər verir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?”, - deyə sual edilib.

Birlik hesab edir ki, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində və təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmasa da, narahatedici məqamlar hələ də mövcuddur. Son zamanlar sosial mediada, dünya mətbuatında yayılan görüntülər bu narahatlığı daha da gücləndirir.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edən birlik bəyan edib ki, Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi hücumları dayandırmalı, BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarını yerinə yetirərək ölkəmizin işğal olunmuş ərazilərini dərhal tərk etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.