Avropadakı diasporumuzun İrandakı səfirliyimizdə törədilmiş terrorla əlaqədar bəyanatı
AzerTAg.az
Bakı, 30 yanvar, AZƏRTAC
Avropada yaşayan soydaşlarımız Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla əlaqədar bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Oslo Azərbaycan Evi”nin, Norveç Azərbaycanlıları Gənclər Birliyinin (NAYO) və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki koordinatorluğunun, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə koordinatorluğunun, Almaniyadakı Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Çexiyadakı “Xarı-Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının yaydığı bəyanatlarda səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib.
İranın müstəqil Azərbaycan dövlətinə münasibətdə təcavüzkar Ermənistanla eyni mövqedən çıxış etməsini kəskin şəkildə pisləyən soydaşlarımız Avropa ictimaiyyətini və beynəlxalq birliyi regionda sülh, eyni zamanda, sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdehlik daşıyanların ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.





Xəbərin mətnində orfoqrafik səhv var