SİYASƏT
Avropalı deputatlar Azərbaycanın AŞPA-dakı uğurunu yüksək qiymətləndirirlər
Strasburq, 23 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun qurumun vitse-prezidenti seçilməsi avropalı deputatlar tərəfindən yüksək qiymətləndirilib.
AŞPA-nın üzvü, ukraynalı deputat Georgi Loqvinski AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, Azərbaycan öz xarici siyasətini əsaslı, balanslaşdırılmış şəkildə qurub. Bu isə Avropanın prinsiplərinə uyğundur. Azərbaycanlı deputatlar Assambleyasının işində çox fəal iştirak edirlər, müzakirələr zamanı daim məhsuldar təkliflər irəli sürürlər. Azərbaycan nümayəndə heyətinin rəhbərinin qurumun vitse-prezidenti seçilməsini yüksək qiymətləndirirəm.
Ukrayna nümayəndə heyətinin rəhbəri Volodimir Arıyev bildirib ki, Avropa Şurası Parlament Assambleyasının rəhbərliyinə təmsil olunmaq böyük uğurdur. Azərbaycan nümayəndə heyəti AŞPA-nın işində daim fəal iştirak edir, səmərəli dialoq platformaları təşkil edir. İki illik vitse-prezidentlik müddətində Azərbaycanın sessiyalarda daha fəal iştirak edəcəyinə əminəm.
Moldovalı deputat Valeriu Giletçi də Azərbaycan nümayəndəsinin AŞPA-nın vitse-prezidenti seçilməsini böyük uğur kimi qiymətləndirib. O, Azərbaycanın bu etimadı doğruldacağına əminliyini bildirib. Deputat vurğulayıb ki, Azərbaycan konstruktiv əməkdaşlığa daim açıqdır və bu, Avropa Şurası Parlament Assambleyası üçün böyük önəm kəsb edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq