DÜNYA
Avropalı türklər Kölndə Türkiyədə demokratiyaya dəstək mitinqi keçiriblər
Bakı, 31 iyul, AZƏRTAC
Avropanın müxtəlif ölkələrində yaşayan türklər “Zərbəyə qarşı demokratiya mitinqi” şüarı ilə Almaniyanın Köln şəhərində bir araya gəliblər.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, mitinq İstiqlal Marşı və Alman Milli Himninin oxunması ilə başlayıb.
Tədbirdə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanlarla yanaşı, Paris və Münxendəki hadisələrdə də həyatını itirənlərin xatirəsi sükutla yad edilib.
Mitinqdə Türkiyə Böyük Millət Məclisinin bəyannaməsi oxunacaq, təxminən 100 dərnəyin dəstək verdiyi “Zərbəyə qarşı demokratiya mitinqi”ndə alman və türkcə birgə bəyanat təqdim ediləcək.
Hər təbəqədən çox sayda dərnək və qeyri-hökumət təşkilatından nümayəndələrin iştirak etdiyi mitinqdə Türkiyə, Almaniya və Avropa İttifaqının bayraqları dalğalanıb.