ELM VƏ TƏHSİL
Avropanın ilk İOS İnkişaf Akademiyası İtaliyada açılacaq
Bakı, 16 iyul, AZƏRTAC
İtaliyanın II Fridrix adına Neapol Universitetində Avropanın ilk İOS İnkişaf Akademiyası açılacaq.
AZƏRTAC İtaliyanın ANSA xəbər agentliyinə istinadla xəbər verir ki, cari ilin oktyabrında fəaliyyətə başlayacaq akademiyadakı kurslarda ilk tədris mərhələsində 200 tələbənin iştirakı gözlənilir. Doqquz aylıq kurslarda gənclər “Apple” şirkətinin ən son texnologiyaları ilə tanış olacaq, müvafiq sahədə biliklərə yiyələnəcək və təcrübə qazanacaqlar. Eyni zamanda, iştirakçılara şirkətin ən son məhsullarının hazırlanması və istifadə qaydaları öyrədiləcək.
Ödənişsiz əsaslarla keçiriləcək kurslara İtaliyadan başqa Avropanın digər ölkələrindən də tələbələr qatıla bilərlər. “Apple” şirkəti bu təşəbbüslə yeni layihələrin icrasında gənclərin iştirakının genişləndirilməsini hədəf seçib.
Qeyd edək ki, şirkət 2008-ci ildən bəri Avropada 1 milyon 200 mindən çox iş yeri açıb.