DÜNYA


Avropanın millətçi mühafizəkar və sağçı təmayüllü partiyaları Varşavada bir araya gəliblər

Varşava, 4 dekabr, AZƏRTAC

Avropanın millətçi mühafizəkar və sağçı təmayüllü 13 partiyasının nümayəndələri Polşa Ədalət və Hüquq Partiyasının (PiS) sədri Yaroslav Kaçinskinin təşəbbüsü ilə Varşava şəhərində bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, PiS-i Avropa Parlamentində təmsil edən Tomas Poreba görüşün məqsədinin sağçı düşərgə daxilində əməkdaşlığın gücləndirilməsi və Aİ-nin fəaliyyətinin tənqidi qiymətləndirilməsi olduğunu bildirib.

Fransanın “Milli Cəbhə“ Partiyasının rəhbəri Marin Lö Pen qeyd edib ki, yaxın aylarda Avropa Parlamentində yeni siyasi qüvvə meydana gələ bilər. Sağçı düşərgənin birləşməsi Avropa Parlamentində onların ikinci böyük qüvvəyə çevrilməsinə gətirib çıxaracaq.

Polşanın Baş naziri Mariuş Moravietski isə görüşlə bağlı şərhində qeyd edib ki, bu toplantı Avropa və Avropa İttifaqına üzv dövlətlərin tarixində dönüş nöqtəsidir.

Qeyd edək ki, qatı mühafizəkar və sağçı partiyaların Avropa Parlamentində ayrıca fraksiya yaratması ideyası yeni deyil. Varşavada toplanan partiyalar bir müddət öncə fraksiyanın yaradılmasına dair birgə bəyanat da imzalayıblar. Həmin sənədi imzalayanlar arasında İtaliyanın “Lega“ partiyasının rəhbəri Matteo Salvini, Macarıstanın Baş naziri və hakim FİDES partiyasının sədri Viktor Orban, Polşada hakim Ədalət və Hüquq Partiyasının (PiS) sədri Yaroslav Kaçinski və İspaniyanın millətçi mühafizəkar və sağçı-populist “Vox” (“Səs”) partiyasının rəhbəri Santyaqo Abaskal var.

Hazırda Avropa Parlamentində qatı mühafizəkar və sağçı partiyalar bir neçə fraksiyada təmsil olunur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.