İQTİSADİYYAT
Avropanın tanınmış şirkətləri “Akkord”la əməkdaşlığın inkişafında maraqlıdırlar
Bakı, 31 yanvar (AZƏRTAC). “Akkord” korporasiyasının Direktorlar Şurasının sədri, baş direktoru Xaqani Quluzadə korporasiyanın baş ofisində Türkiyənin “Freysaş” şirkətinin baş meneceri Julien Erdem Erdogan və Fransanın “Freyssinet” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional meneceri Ahmet Selahiyenlə görüşmüşdür.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə tərəflər birgə əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparmışlar.
Qeyd olunmuşdur ki, “Freysaş” şirkəti ilə “Akkord” korporasiyası arasında əməkdaşlıq Gürcüstanda körpü tikintisi ilə başlanmışdır.
Görüşdə “Akkord” korporasiyasının Dəmir-beton tirlər zavodunda istehsal olunan və bütün texniki tələblərə cavab verən yüksək keyfiyyətli, əvvəlcədən gərginləşdirilmiş aşırım tirlərindən, eləcə də korporasiyanın zavodlarında istehsal olunan metal-konstruksiya məhsullarından “Freysaş” və “Freyssinet” şirkətlərinin digər körpü tikintisi layihələrində istifadə edilməsinin mümkünlüyündən danışılmışdır.
Sonda “Freysaş” şirkətinin baş meneceri Julien Erdem Erdogan və “Freyssinet” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional meneceri Ahmet Selahiye “Akkord”la gələcək layihələrdə birgə iştirak etməkdə, qarşılıqlı əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulamışlar.
“Freysaş” şirkətinin əsası xarici sərmayəli türk şirkəti olaraq “Freyssinet International” ilə “Yapı-Mərkəzi Qrupunun” birgə təsisçiliyi ilə 1988-ci ildə qoyulmuşdur. Hazırda şirkət tikinti sahəsində beynəlxalq təcrübəyə əsaslanaraq dünyanın 46 ölkəsində fəaliyyət göstərir. “Freyssinet” şirkəti isə öz növbəsində Fransanın və dünyanın nəhəng tikinti şirkətlərindən biri olan “Vinci” şirkətinin törəmələrindəndir.