DÜNYA
Avrozonada dövlət borcunun ümumi daxili məhsula nisbəti 94,2 faiz olub
Roma, 22 oktyabr, AZƏRTAC
Avrozonada bu ilin ikinci rübündə dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 94,2 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozonada bu ilin birinci rübündə 95,2 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti ikinci rübdə 94,2 faiz geriləyib. Keçən ilin ikinci rübündə Avrozonada dövlət borcunun ÜDM nisbəti 97,9 faiz olmuşdu.
Cari ilin ikinci rübündə Avropa İttifaqında (Aİ) dövlət borcunun ÜDM-ə nisbəti isə 86,4 faiz təşkil edib. Birinci rübdə bu göstərici 87,5 faiz idi. Beləliklə də, Avrozonada ümumi dövlət borcu 12,1 trilyon avroya, Aİ-də isə 13,1 trilyon avroya çatıb.
İtaliya Aİ-yə üzv ölkələr arasında bu ilin ikinci rübündə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək ölkə olan Yunanıstandan (182,1 faiz) sonra 150,2 faizlik göstərici ilə ikinci sırada qərarlaşıb.
Qeyd edək ki, Aİ-nin qaydalarına görə, normal şəraitdə üzv ölkələrin büdcə kəsiri ÜDM-in 3 faizindən, dövlət borcu isə ÜDM-in 60 faizindən çox olmamalıdır. Avropa İttifaqına üzv ölkələr pandemiyaya görə qaydaları dayandırmaq qərarına gəlib və sürətlə dövlət xərclərini artırıblar.
Roma