DÜNYA


Avrozonada islahatlar aparılacaq

Vyana, 4 dekabr, AZƏRTAC

Avropa İttifaqında (Aİ) milli valyutası avro olan dövlətlərin maliyyə nazirləri Avrozonada islahatların aparılmasına dair razılığa gəliblər.

AZƏRTAC hazırda Aİ Şurasına sədrlik edən Avstriyanın maliyyə nazirliyinə istinadla xəbər verir ki, maliyyə nazirlərinin görüşündə valyuta ittifaqında islahatların əsas məqamları barədə ümumi fikir əldə olunub. Buraya Avropa Sabitləşmə Mexanizminin (ESM) gücləndirilməsi və bankların müflisləşməsinin valyuta ittifaqına göstərə biləcəyi mənfi təsirlərə qarşı tədbirlərin görülməsi daxildir.

Almaniya və Fransanın təklifi əsasında Avrozona ölkələrinin vahid büdcə sisteminə keçməsi ideyası isə toplantıda ziddiyyətli məqam olaraq qalıb.

Eyni zamanda, maliyyə nazirləri İtaliya və Aİ arasında bu ölkənin növbəti il üçün büdcə planına dair çəkişməsində vahid mövqe nümayiş etdiriblər. Avroqrupun fikrincə, Roma bu büdcə planı ilə Avropa maliyyə sabitliyi qaydalarını pozur.

Gündəlikdə duran digər məsələ isə Almaniya və Fransanın təklifi ilə Avropada rəqəmsal vergilərin tətbiqi ilə bağlı olub. Avropada təklif edilən onlayn ticarət və xidmətlərə üç faizlik vergilərin tətbiqi gələn ilin mart ayına kimi qəbul edilərsə, bu vergilər 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək.

Maliyyə nazirlərinin hazırladıqları təkliflər gələn həftə Aİ dövlət və hökumət rəhbərlərinin zirvə toplantısında müzakirəyə təqdim olunacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.