SİYASƏT
Avstraliya Azərbaycan Assosiasiyası Azərbaycanda mülki əhlinin minalardan həlak olması ilə əlaqədar müraciət yayıb
Kamberra, 6 iyun, AZƏRTAC
Sidneydə fəaliyyət göstərən Avstraliya Azərbaycan Assosiasiyası Azərbaycanda mülki əhlinin erməni separatçılarının basdırdığı minalardan həlak olması ilə əlaqədar müraciət yayıb.
AZƏRTAC xəbər verir ki, assosiasiyanın rəhbəri Mikayıl Oytanın imzaladığı müraciətdə Avstraliyanın dövlət qurumlarının, hakim və müxalifət partiyalarının liderlərinin diqqəti Ermənistan tərəfindən hələ də davam edən təxribatçı hərəkətlərə yönəldilir. Bunun bariz nümunəsi kimi, iyunun 4-də içərisində jurnalistlərin və digər mülki şəxslərin olduğu avtobusun ermənilər tərəfindən basdırılmış tank əleyhinə minaya düşdüyü və nəticədə üç nəfərin həlak olduğu qeyd edilir.
Müraciətdə bildirilir ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərinə minaların basdırılmasına milyonlarla dollar sərf edib. Halbuki, bu gün dinc erməni əhalisinin həmin vəsaitə böyük ehtiyacı var.
Sənəddə assosiasiyanın rəhbərliyi Avstraliyanın müvafiq qurumlarını Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməyə, buna qarşı etiraz səsini ucaltmağa çağırır. Vurğulayır ki, bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, bütün insanlığa qarşı törədilən açıq-aşkar terror aktıdır.
Bildirilir ki, baş verənlər Ermənistan tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və yolların növbəti minalama cəhdlərinin faciəvi nəticəsinə daha bir sübutdur. Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.
Müraciət bütün beynəlxalq təşkilatları Ermənistanın bu təxribatçı hərəkətlərinin qarşısını almaq üçün lazımi tədbirlər görmək barədə çağırışla başa çatır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kamberra