SİYASƏT


Avstraliya-Azərbaycan-Türk Dostluğu Birliyi Sidneydə Ermənistanın təxribatları barədə məlumatlandırma aksiyası keçirib

Kanberra, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Sidney şəhərində fəaliyyət göstərən Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin təşəbbüsü ilə həmin şəhərdə yaşayan azərbaycanlılar Gelibolu məscidində xalqımıza dəstək aksiyası keçiriblər.

Bu barədə AZƏRTAC-ın həmin ölkə üzrə xüsusi müxbirinə Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov məlumat verib.

İ.Qasımov bildirib ki, digər millətlərin nümayəndələrinin də qatıldığı cümə namazı zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub, yaralılara şəfa dilənib. Bununla yanaşı, iştirakçılar Azərbaycanın haqq və ədalət yolunda olduğunu vurğulayaraq, tarixi torpaqlarımıza qayıtmaq naminə aparılan əks-hücum əməliyyatlarında Ordumuza uğurlar diləyib, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.

Dini mərasimdən sonra məscidin önündə həmvətənlərimiz tərəfindən məlumatlandırma aksiyası keçirilib. Əllərində Azərbaycan bayraqlarını və Ermənistanın dinc əhaliyə qarşı təxribatlarını əks etdirən fotolar, bu əməlləri pisləyən şüarlar tutan həmvətənlərimiz yerli əhaliyə münaqişə ilə bağlı həqiqətləri çatdırıblar.

Aksiya zamanı Sidneydə yaşayan ermənilərin təxribatının qarşısı da alınıb. Belə ki, Gelibolu məscidinin qarşısında yerləşən körpüdə ermənilər tərəfindən yerləşdirilən banner oradan götürülərək ləğv edilib.

İ.Qasımov əlavə edib ki, həmin gün Sidney şəhərində yerləşən 8 məsciddə 5 minə yaxın insan Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təxribatlar barədə məlumatlandırılıb.

Qeyd edək ki, Gelibolu Avstraliyanın ən böyük məscididir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.