DÜNYA
Avstraliya Manus adasındakı qaçqınlara böyük məbləğdə kompensasiya ödəyəcək
Tokio, 14 iyun, AZƏRTAC
Avstraliya hökuməti və 2012-ci ildən 2016-cı ilədək Manus adasındakı (Papua-Yeni Qvineya) qaçqınlar üçün mərkəzdə məskunlaşmış qeyri-leqal miqrantların vəkilləri aralarındakı fikir ayrılığını nəhayət ki, tənzimləyiblər. “The Telegraph” qəzetinin bu barədə yaydığı məlumatda qeyd edilir ki, tərəflər Melburndakı məhkəmə prosesinin başlamasına bir neçə saat qalmış razılığa gəliblər.
İki minə yaxın miqrantın maraqlarını təmsil edən “Slater and Gordon” hüquq firmasının vəkilləri bildirirlər ki, Manus adasında onların müştərilərinə ciddi fiziki və psixoloji zərər vurulub. Hökuməti təmsil edən hüquqşünaslar bu ittihamı kəskin şəkildə rədd ediblər. Buna baxmayaraq, hökumət son anda işi məhkəmənin müzakirəsinə çıxarmadan kompensasiyanın ödənilməsinə razılıq verib. “Slater and Gordon”un vəkillərinin bildirdiyinə görə, ödəniləcək kompensasiyanın ümumi məbləği təqribən 70 milyon Avstraliya dolları (52 milyon ABŞ dolları) təşkil edəcək. Son məbləğ məhkəmədə razılaşdırılacaq.
Manus adasındakı qaçqınlar üçün mərkəzin oktyabrın sonlarında bağlanacağı bildirilir. Avstraliya hökuməti isə adadakı qeyri-leqal miqrantların heç birinin ölkə ərazisinə buraxılmayacağını deyib. Qaçqınların bir hissəsinin kiçik Nauru ada dövləti tərəfindən qəbul ediləcəyi, qalan hissəsinin isə Kanberra ilə Vaşinqton arasında imzalanan müqaviləyə əsasən ABŞ-a göndəriləcəyi gözlənilir. Cari ilin əvvəlində hakimiyyətə gələn ABŞ Prezidenti Donald Tramp həmin müqaviləni kəskin tənqid etsə də onu yerinə yetirəcəyini bildirib.
Manus və Nauru adalarındakı qaçqınlar üçün mərkəzlərdə məskunlaşan miqrantların əksəriyyəti Yaxın və Orta Şərqdən gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio