DÜNYA
Avstraliya Mərkəzi Seçki Komissiyası COVID-19-a yoluxanlara seçkilərdə telefonla səs verməyə icazə verib
Tokio, 20 may, AZƏRTAC
Avstraliya Mərkəzi Seçki Komissiyası (MSK) COVID-19-a yoluxanlara seçkilərdə telefonla səs verməyə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 20-də Avstraliya MSK-nın tviter sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
Qeyd edilib ki, xəstəliyə yoluxan seçicilər öz diaqnozlarını MSK-nın saytında yerləşdirilmiş xüsusi formanı doldurmaqla təsdiq edə bilərlər. Bu zaman test keçirən laboratoriya və xəstəlik haqda arayışın nömrəsi mütləq qeyd edilməlidir.
Avstraliyada seçkilər haqda qanuna əsasən, ölkədə təşkil edilən seçkilərdə iştirak 18 yaşdan yuxarı bütün vətəndaşlar üçün məcburidir. Hər bir seçici MSK-da qeydiyyatdan keçməli və özü haqda dəqiq və düzgün məlumatları şəxsən təqdim etməlidir. Seçki məntəqəsinə gəlməyən seçicilər 20 Avstraliya dolları (14 ABŞ dolları) cərimə ödəməlidirlər. Üzrlü səbəb göstərilmədən cərimənin ödənilməsindən imtina isə əlavə 210 Avstraliya dolları (146 ABŞ dolları) cərimənin müəyyən edilməsi ilə nəticələnə bilər. Seçkilər zamanı həbsxanada olan şəxslər onların həbsdə saxlanması müddəti 3 ildən çox olduqda səsvermə hüququndan məhrum edilirlər.
Qeyd edək ki, mayın 21-də keçiriləcək parlament seçkilərində federal Nümayəndələr palatasındakı 151 yer uğrunda 1203 namizəd mübarizə aparacaq. Senatdakı 40 yer üçün isə 421 siyasətçi namizədliyini irəli sürüb. Yeni Parlamentdə daha çox yer qazanan partiya və ya koalisiya öz fraksiyasından hökuməti formalaşdırmaq hüququ qazanacaq. Qələbə üçün Nümayəndələr palatasında 76 yer qazanmaq kifayətdir.
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio