SİYASƏT
Avstraliya federal parlamentinin üzvü Ermənistanın son hərbi təxribatı barədə məlumatlandırılıb
Kanberra,15 iyul, AZƏRTAC
İyulun 15-də Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan – Avstraliya və Yeni Zelandiya parlamentlərarası işçi qrupunun sədri Asim Mollazadə avstraliyalı həmkarı Kreq Kellini Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribat barədə məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə avstraliyalı deputata Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil edilən telefon danışığı zamanı məlumat verilib.
Söhbət əsnasında deputatlar iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin müxtəlif istiqamətləri, əlaqələrin inkişafında parlamentlərarası işçi qruplarının fəaliyyətinin önəmi, o cümlədən hər iki ölkədə koronavirus pandemiyası ilə bağlı son vəziyyət və COVID-19-a qarşı görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Asim Mollazadə, həmçinin avstraliyalı həmkarını Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan hərbçilərinin və mülki sakinin həyatlarını itirməsi, hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik və mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb. Ermənistan təcavüzünün bölgədə əsas təhlükə mənbəyi olduğu qarşı tərəfin diqqətinə çatdırılaraq, işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının zəruriliyi vurğulanıb.
Avstraliya parlamentinin üzvü K.Kelli Ermənistanın təxribatçı əməllərinin səbəb və nəticələri ilə maraqlanıb, Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə Avstraliya parlamentinin növbəti sessiyaları zamanı münasibət bildiriləcəyinə ümidvar olduğunu deyib.
Asim Mollazadə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə Avstraliya hökumətinin hər zaman göstərdiyi ədalətli mövqeyinə görə minnətdarlığını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra