DÜNYA
Avstraliya hökuməti Şimali Koreyanın raket buraxılışına kəskin reaksiya verib
Tokio,29 avqust, AZƏRTAC
Avstraliyanın xarici işlər naziri Culiya Bişop Şimali Koreya tərəfindən növbəti raket sınağını kəskin tənqid edərək bildirib ki, bu, çox güman, Pxenyanın tezliklə danışıqlar masası arxasında oturmağa hazır olduğunu təsdiq edir.
Avqustun 29-da Kanberrada jurnalistlərlə görüşən nazir yeni raket buraxılışını təxribatçı, təhlükəli, sabitliyi pozan və təhdidedici hərəkət adlandırıb. Bununla yanaşı, xanım nazir qeyd edib ki, Şimali Koreya raketi Sakit Okeandakı Quam adaları istiqamətində deyil, okeanın Yaponiyanın şimal-şərqində yerləşən hissəsinə istiqamətləndirib.
C.Bişop deyib: “Şimali Koreyanın cavab reaksiyasını anlamaq bəzən çox çətin olur, lakin yeni raket sınağı söz yox ki, növbəti mesaj deməkdir. On illər ərzində biz Pxenyanın eyni taktikadan istifadə etməsinin şahidi olmuşuq. Belə ki, onlar əvvəlcə təxribatları müəyyən həddə qədər qaldırırlar və yalnız bundan sonra danışıqlar masası arxasına otururlar. Düşünürəm ki, bu, Şimali Koreyanın danışıqlara hazır olmasının göstəricisidir”.
Öz növbəsində, Avstraliyanın Baş naziri Malkolm Ternbull da növbəti dəfə Çinə müraciət edərək onu Pxenyanın təxribatçı raket sınaqlarını dayandırmaq üçün ciddi addımlar atmağa çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio