ELM VƏ TƏHSİL


Avstraliya komandası: Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasından xoş təəssüratla qayıdacağıq

Kanberra, 25 iyun, AZƏRTAC

Avstraliya parlamentinin binasında cari ilin iyul-avqust aylarında müxtəlif ölkələrdə keçiriləcək məktəblilərin biologiya, kimya, Yer elmləri, informatika, riyaziyyat və fizika üzrə beynəlxalq olimpiadalarda Avstraliyanı təmsil edəcək komandaların təqdimetmə mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasim Avstraliya Elmi İnnovasiyalar Mərkəzi və Avstraliya Riyaziyyat Fondu tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə də iştirak edib.

Qeyd edək ki, cari ilin avqust ayında ölkəmiz Məktəblilərin XXXI Beynəlxalq İnformatika Olimpiadasına (IOI 2019) ev sahibliyi edəcək. Avqustun 4-dən 11-dək Bakıda keçiriləcək olimpiadada Avstraliya dörd məktəblidən ibarət komanda ilə təmsil olunacaq. Həmin komandaya paytaxt Kanberra ilə yanaşı, Yeni Cənubi Uels, Viktoriya və Cənubi Avstraliya ştatlarının orta məktəblərinin XI və XII sinif şagirdləri daxildir.

Avstraliya parlamentində təşkil edilmiş mərasim zamanı Elcan Həbibzadə Beynəlxalq İnformatika Olimpiadasında Avstraliyanı təmsil edəcək komandanın üzvləri ilə görüşərək onlara qarşıdakı yarışda uğurlar arzulayıb. Eyni zamanda, diplomatımız Avstraliya komandasının ölkəmizə səfəri zamanı Azərbaycanın qədim mədəniyyəti və zəngin tarixi ilə tanış ola biləcəyinə ümidvar olduğunu bildirib.

Komandanın proqram direktoru Coşua Lau səfirlik tərəfindən göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, qarşıdakı səfərdən xoş təəssüratlarla vətənə dönəcəklərinə əmin olduğunu söyləyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.