SİYASƏT


Avstraliya saytı Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa bəyannaməsi barədə məlumat yayıb

Kanberra, 17 iyun, AZƏRTAC

Avstraliyanın “au.news.yahoo.com” saytı Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa bəyannaməsi barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, “Rəcəb Tayyib Ərdoğan hücum ediləcəyi təqdirdə Azərbaycanı dəstəkləyəcəyini vəd edib” adlı məqalədə Türkiyə Prezidentinin belə bir vədlə Dağlıq Qarabağ regionuna səfəri zamanı çıxış etdiyi bildirilir.

Məlumatda qeyd edilir ki, ötən ilin payızında Azərbaycan ilə Ermənistan arasında Qarabağda baş verən və cəmi altı həftə davam edən müharibədə Türkiyə siyasi müttəfiq kimi əsas rol oynayıb. Türkiyənin dövlət başçısının bu vədlə Qarabağın mədəniyyət mərkəzi hesab edilən və ötən ilin noyabrında müharibənin başa çatmasında mühüm rol oynayan Şuşaya səfəri zamanı çıxış etdiyi vurğulanır. Bildirilir ki, həmin vaxt hərbi əməliyyatlar Ermənistanın biabırçı məğlubiyyəti və Qarabağın hələ də ermənilər yaşayan bəzi yerlərinə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə başa çatıb.

Məqalədə qeyd edilir ki, Türkiyə və Azərbaycan prezidentlərinin imzaladığı sənəddə üçüncü ölkə tərəfindən onların müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə bir-birini dəstəkləmək öhdəliyi öz əksini tapıb.

Yazıda ötən ilin sentyabr-noyabr aylarında baş verən 44 günlük müharibə zamanı müasir silahlarla təchiz edilən Azərbaycan Ordusunun qısa müddətdə Ermənistan silahlı qüvvələrini darmadağın etməsi barədə də məlumat verilir. Bildirilir ki, Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı əraziləri, o cümlədən tarixi Azərbaycan şəhəri olan Şuşanı tərk edib.

Qeyd edilir ki, üçtərəfli bəyanat Ermənistanda siyasi böhrana səbəb olub və baş nazir vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri təyin etməyə məcbur olub.

Yazıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyannamənin imzlanmasından sonra təşkil edilən mətbuat konfransında səsləndirdiyi fikirlər də yer alıb: “Biz tarixi Azərbaycan torpaqlarının bir daha işğal olunmaması üçün lazım olan tədbirləri görürük”.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə də yer verilib. Qeyd edilib ki, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyəni Ermənistan vasitəsilə birləşdirəcək nəqliyyat dəhlizinin əhəmiyyətini yüksək qiymətləndirib və bunun region üçün böyük imkanlar yaratdığını bəyan edib.

Şuşada liderlər tərəfindən imzalanan bəyannamədə Türkiyənin bu şəhərdə konsulluq açacağı və hərbi pilotsuz uçuş aparatlarını istehsal ediləcəyi barədə bəndlərin də öz əksini tapdığı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.