SİYASƏT
Avstraliya saytı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Gəncəyə səfəri barədə məqalə yayıb
Kanberra, 13 oktyabr, AZƏRTAC
Avstraliyada fəaliyyət göstərən Avstraliya-Azərbaycan-Türkiyə Dostluğu Cəmiyyətinin saytı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Gəncəyə səfəri barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan ordusunun Gəncə şəhərinə raket hücumu və dinc sakinləri qətlə yetirməsindən sonra təşkil edilən səfərdə Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri iştirak etməsi əksini tapıb.
Qeyd olunub ki, əcnəbi diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və başqaları müşayiət ediblər.
Ermənistanın hərbi cinayətləri ilə tanış olan diplomatlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekununda qəbul edilən humanitar atəşkəs rejimi haqqında razılaşmanın tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Belə müharibə cinayətlərindən biri oktyabrın 11-i gecə saat 2 radələrində cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yaşanıb. Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan atəşə tutması nəticəsində 10 nəfər həlak olub. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Xarici diplomatlar erməni faşizminin izləri ilə tanış olub, həyatını itirən dinc sakinlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra