SİYASƏT
Avstraliya saytında Ağdamın işğaldan azad edilməsi barədə məqalə dərc olunub
Kanberra, 21 noyabr, AZƏRTAC
Avstraliyanın “stuff.co.au” saytında Ermənistan ordusu tərəfindən 27 il əvvəl işğal edilmiş Ağdam rayonunun Azərbaycana təhvil verilməsi barədə məqalə dərc olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məqalədə noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda döyüşlərin dayandırılması barədə üçtərəfli sənədə əsasən Silahlı Qüvvələrimizin Ağdam rayonuna daxil olduğunu bəyan etdiyi vurğulanır. Bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 10-da imzalanan sənədə əsasən, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı əraziləri Azərbaycana qaytarır.
Məqalədə münaqişənin tarixi barədə də ətraflı məlumat verilir. Qeyd olunur ki, ötən əsrin 1990-cı illərinin əvvəllərində Ermənistan ordusu xarici havadarların dəstəyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib.
Cari il sentyabrın 27-də Ermənistan ordusunun mülki əhaliyə qarşı növbəti təxribatlarına cavab olaraq hücuma keçən Azərbaycan Silahlı Qüvvələri həmin əraziləri azad etməyə başlayıb. Döyüşlər ərzində üç dəfə humanitar atəşkəs barədə razılıq əldə olunsa da, onlara əməl edilməyib. Yalnız Azərbaycan Ordusu Şuşa şəhərini azad etdikdən sonra Ermənistan tərəfi təslim olduğunu təsdiqləyən sənədi imzalamağa məcbur olub.
Məqalədə üçtərəfli sənədin imzalanmasından sonra Ermənistanda baş verən proseslərdən də bəhs olunur. Bildirilir ki, razılaşmaya əsasən Azərbaycan ərazilərini tərk etməli olan ermənilər buradakı evləri və sosial obyektləri yandırırlar.
Yazıda Ağdam şəhərinin tarixinə də toxunulur. Qeyd edilir ki, bir vaxtlar regionun ən böyük şəhərlərindən biri olan Ağdamda 50 mindən çox insan yaşayıb. Bu şəhər ağ rəngli evləri, üçmərtəbəli çayxanası ilə məşhur olub. Lakin erməni işğalından sonra bu gözəl şəhər “Qafqazın Xirosiması” adını alıb.
Bildirilir ki, 1993-cü ildə yerli sakinlər qovulduqdan sonra şəhərə daxil olan və tikinti materialları axtaran erməni talançıları bütün evləri soyublar. Şəhərin tarixi abidələrindən biri olan Çörək muzeyi xarabalığa çevrilib. Şəhərin məşhur konyak zavodu da artıq yoxdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra