DÜNYA
Avstraliyada ağac kenquruları çox təhlükəli naməlum virusa yoluxub
Bakı, 17 iyun, AZƏRTAC
Naməlum virus Avstraliyada nadir heyvanların - ağac kenqurularının kaloniyasını vurub.
AZƏRTAC xəbər verir ki, ABC radiosunun yaydığı məlumata görə, virusun doğurduğu xəstəlik heyvanların görmə sinirində bərpa olunmayan dəyişikliyə gətirib çıxarır, onları kor edir və öldürür.
Ağac kenqurularına planetin yalnız bir yerində - Avstraliyanın Kvinslend ştatının şimalındakı tropik meşənin kiçik hissəsində rast gəlmək olur. Bu heyvanlar o dərəcədə nadirdir ki, hətta avstraliyalıların bir çoxu onların varlığından xəbərsizdir.
Həmin heyvanların yeganə kaloniyası indi həm ekoloqların, həm də baytarların qarşısında aciz qaldığı tamamilə yeni təhlükə ilə üzləşib. Ağac kenqurularının yaşadığı yerlə həmsərhəd olan torpaq sahibi Karen Kumbusun sözlərinə görə, əvvəllər bu heyvanlar təsadüfi hallarda görünərdi. Onlar ağacların çətirləri arasında yaşayır, bəzən aylarla yerə enmir. İndi isə onlara məktəblərdə, yollarda və digər ictimai yerlərdə rast gəlmək olar. Ona görə ki, heç nə görmür, harada olduqlarını bilmirlər.
Çarlz Stert universitetinin vəhşi heyvanların patologiyası fakültəsinin müəllimi, baytar Endryü Piters zərər çəkmiş kenquruların bir sıra tədqiqatını aparıb. O deyir ki, bu yeni virus barədə heç kim heç nə bilmir. Görmə sinirini və beyin hüceyrələrini zədələyən bu xəstəlik ətraf mühitdəki dəyişikliklə bağlı ola bilər.
Bu növ kenquruların çəkisi 6-7 kiloqram, boyu 50-65 santimetrdir. Onlar gecə həyatı sürür, öz vaxtlarının yalnız 2 faizini yerdə keçirirlər.