DÜNYA
Avstraliyada beynəlxalq “Talisman Sabre-2019” hərbi təlimləri başlayıb
Tokio, 11 iyul, AZƏRTAC
İyulun 11-də Avstraliyada ABŞ, Yeni Zelandiya, Kanada, Böyük Britaniya və Yaponiyanın iştirakı ilə beynəlxalq “Talisman Sabre-2019” hərbi təlimləri başlayıb.
AZƏRTAC Avstraliya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, iki ildən bir keçirilən ABŞ-Avstraliya təlimləri iyulun 24-dək davam edəcək. Qaydalara uyğun olaraq, həmin təlimlərdə müttəfiq dövlətlər də bu və ya digər dərəcədə iştirak edirlər. Bu, artıq sayca səkkizinci belə təlimlərdir. Təlimlərə Hindistan və Cənubi Koreya hərbçiləri də müşahidəçi qismində qatılacaqlar.
Nazirliyin yaydığı məlumata görə, “Talisman Sabre-2019” zamanı səhra təlimləri, o cümlədən maddi-texniki təminat, desant çıxarılması, quru qoşunlarının manevrləri, şəhərlərdə əməliyyatlar, xüsusi qüvvələrin cəlb edildiyi dəniz, hava əməliyyatları keçiriləcək. Müdafiə Nazirliyi təlimlərə cəlb edilən hərbi qulluqçuların sayı barədə məlumat verməsə də, dəniz əməliyyatları üçün iştirakçı ölkələrin 20-dək hərbi gəmisinin Brisbenə gəldiyini bildirib. Bu gəmilər arasında ABŞ-ın “Ronald Reagan” aviadaşıyıcısının da daxil olduğu kreyser, bir neçə esmines və dəniz piyadalarını daşıyan gəmilər qrupunun olduğu qeyd edilib. Avstraliya hərbi-dəniz qüvvələrini isə böyük desant gəmisinin və sualtı qayığın da daxil olduğu beş gəmi təmsil edir.
Avstraliyanın ABC kanalının yaydığı məlumata görə, təlimlər keçirildiyi rayona Çinin “Dongdiao” sinfinə məxsus radioelektron kəşfiyyat gəmisi də yollanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio