DÜNYA


Avstraliyada sabiq Baş nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədar təhqiqata başlanılıb

Tokio, 15 avqust, AZƏRTAC

Avstraliyanın sabiq Baş naziri Skott Morrisonun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədar təhqiqata başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze avqustun 15-də bəyan edib. Baş nazir sabiq hökumət başçısını vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədar ittiham etdiyini söyləyib.

Jurnalistlər qarşısında çıxış edən Baş nazir deyib: “Avstraliya hökuməti S.Morrisonun fəaliyyəti ilə bağlı araşdırmalar apararaq, onun pandemiya dövründə özünü həm səhiyyə, həm maliyyə, həm də təbii ehtiyatlar naziri təyin etməsi məsələsini təhqiq edəcək”.

Baş nazir əlavə edib ki, nazirlərin yerdəyişməsi və tənzimlənməsi Avstraliya xalqından gizli saxlanılıb və bu, qətiyyən yolverilməzdir. Pandemiya dövründə buraxılan bir çox səhvlərin kökündə məhz belə ciddi pozuntular dayanır.

E.Albaneze ölkənin baş prokurorundan S.Morrisonun qəbul etdiyi qərarların Avstraliya Konstitusiyasına və digər qanunlara uyğunluğu məsələsini araşdırmağı artıq xahiş etdiyini də bildirib.

S.Morrisona qarşı ittihamlardan biri onun 2021-ci ilin aprelində gizli şəkildə Sənaye, Elm, Enerji və Resurslar Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilməsidir. Hökumətin bildirdiyinə görə, keçmiş Baş nazir bu yolla 2022-ci ilin mayında keçirilmiş seçkilər ərəfəsində yerli sakinlərin və ətraf mühit fəallarının dəstəyini qazanmaq üçün Sidney yaxınlığında dəniz qaz yataqlarının kəşfiyyatını dayandırmaq imkanı əldə edib.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.