SİYASƏT
Avstraliyada yaşayan soydaşlarımız: bizim də ürəyimiz doğma Azərbaycanla birgə döyünür
Kamberra, 2 oktyabr, AZƏRTAC
Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən azərbaycanlı icmasının nümayəndələri bir araya gələrək, Ermənistan ordusunun Azərbaycana qarşı son təxribatlarını kəskin pisləyiblər.
AZƏRTAC xəbər verir ki, Avstraliya-Azərbaycan Assosiasiyasının təşkil etdiyi tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı iriçaplı silahlardan və ağır artilleriyadan istifadə edərək hücuma keçməsindən, yaşayış məntəqələrini və mülki əhalini atəşə tutmasından dərin narahatlıq ifadə olunub.
Əvvəlcə düşmənin hərbi təxribatı nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta, təşkilatın üzvləri Sara Azərsun, Şəmsəddin Necadi və Cavad Davudi bildiriblər ki, Avstraliyada yaşayan soydaşlarımız da digər ölkələrdə yaşayan azərbaycanlılar kimi Vətənimizdə baş verənləri böyük diqqətlə izləyirlər. Onların da ürəyi doğma Azərbaycanla birlikdə döyünür. Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pislədiklərini vurğulayan natiqlər qeyd ediblər ki, bu gərgin zamanda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəyə xas tərzdə nümayiş etdirdiyi rəhbərlik və qətiyyətdən sonsuz qürur duyurlar. Xalqımızın özünümüdafiə hüququnu həyata keçirən, 30 ilə yaxındır erməni tapdağı altında inləyən doğma torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində qazandığı uğurlar bütün xalqımıza xoşbəxt anlar yaşadır.
Azərbaycan dövlətinin yanında olduqlarını bəyan edən toplantı iştirakçıları müzəffər ordumuza Dağlıq Qarabağı və işğaldakı digər torpaqları işğalçılardan tamamilə təmizləməyi arzulayıblar. Vurğulayıblar ki, ən böyük arzuları xalqımızın böyük qələbə sevincini yaşaması və Azərbaycan Bayrağının Qarabağ bölgəsindəki bütün şəhər və kəndlərimiz üzərində dalğalanmasıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kamberra