CƏMİYYƏT
Avstraliyadakı soydaşlarımız Yaşıllar Partiyasını Oxçuçay cinayətinə biganə qalmamağa çağırıblar
Bakı, 9 iyul, AZƏRTAC
Avstraliya–Azərbaycan Assosiasiyası (AAA) Oxçuçay fəlakəti ilə əlaqədar Avstraliyanın Yaşıllar Partiyasına və “Cronimet Holding”in Brisbon şəhərindəki nümayəndəliyinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAc-a bildiriblər ki, Assosiasiyanın sədri Mikayıl Oytanın imzası ilə Yaşıllar Partiyasının lideri Adam Bandta və “CRONIMET”in təmsilçisi Kris Taqqarta ünvanlanan müraciətdə Oxçuçayın Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun ərazisindən keçdiyi və ölkəmizin əkin sahələrinin suvarılması üçün həlledici rol oynayan Araz çayına töküldüyü diqqətə çatdırılıb. Səhmlərinin böyük hissəsi Almaniyanın "CRONIMET" şirkətinə məxsus olan Ermənistanın mis-molibden kombinatının istehsalat tullantılarının ilkin təmizləmə işləri aparılmadan birbaşa Oxçuçaya buraxmasına və ekoloji standartlara riayət etməməsinə diqqət cəlb olunub. Ermənistanın dövlət agentliklərinin də bu dəhşətli ekoloji cinayəti etiraf etdikləri vurğulanıb.
Avstraliyadakı soydaşlarımız Yaşıllar Partiyasını və “CRONIMET Holding”i ekoloji cinayətə biganə qalmamağa, Oxçuçaydakı ekoloji terrorun qarşısının alınması və ətraf mühitin qorunması istiqamətində qətiyyətli tədbirlər görməyə çağırıblar.