DÜNYA
Avstraliyalı nazir: Trans-Sakit Okean Tərəfdaşlığının məhvi haqda danışmaq hələ tezdir
Tokio, 13 yanvar, AZƏRTAC
Avstraliyanın ticarət və investisiyalar naziri Stiven Çobun qənaətinə görə, ABŞ-ın yeni Prezidenti Donald Trampın mənfi rəyinə baxmayaraq, Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) barədə razılaşma həyata keçirilə bilər.
Yanvarın 13-də nazirin sözlərini sitat gətirən “The Australian” qəzeti yazır: “TPP-nin məhvi haqda danışmaq hələ tezdir”. S.Çob bu sözləri ABŞ dövlət katibi vəzifəsinə namizəd Reks Tillersonun bəyanatına əsasən dediyini bildirib. R.Tillerson ABŞ Konqresinin Senatında xarici işlər üzrə dinləmələr zamanı bildirib ki, o, TPP-nin əleyhinə deyil.
Avstraliyalı nazir sonra deyib: “Tillersonun bu sözləri bizim Amerika administrasiyasını bir müddət gözləməli olacağımızı təsdiq edir”. S.Çob əlavə olaraq bildirib ki, TPP məsələsi yanvarın 14-də Sidneyə gələcək Yaponiyanın Baş naziri Şinzo Abe ilə avstraliyalı həmkarı Malkolm Ternbullun müzakirə edəcəyi əsas mövzulardan biri olacaq.
Xəbər verdiyimiz kimi, TPP barədə razılaşma ötən ilin fevralında Yeni Zelandiyanın Oklend şəhərində 12 ölkənin ticarət nazirlərinin iştirakı ilə imzalanıb. Yeni yaradılacaq bu çox böyük regional azad ticarət zonasına Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, ABŞ, Çili və Yaponiya daxil olacaq. ABŞ-ın yeni Prezidenti Donald Tramp inauqurasiya mərasimindən dərhal sonra Vaşinqtonun bu razılaşmadan çıxması proseduruna başlayacağını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio