DÜNYA
Avstraliyalıların vergi hiylələri
Bakı, 6 iyul, AZƏRTAC
Avstraliyada ilk baxışda xırda görünən müxtəlif vergi güzəştləri son nəticədə böyük məbləğ təşkil edə bilir.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, bu ölkədə kiminsə böyük biznesi varsa, onda hər bir alış, faktiki olaraq gəlir təşkil edir və bunun üçün gəlir vergisi ödənilməlidir. Bu baxımdan avstraliyalılar daha az vergi ödəmək üçün bəzi fəndlərə əl atmağa çalışırlar.
Belə ki, ev heyvanlarının “kölgəsində gizlənmək” işə yarayır. İt Avstraliyada insanın sadəcə dostu deyil. İt saxlamaq həm də vergi güzəşti deməkdir. Əgər ölkə vətəndaşının biznesini həyata keçirdiyi yeri itlər qoruyursa, onların saxlanılmasına çəkilən xərclər (yem, baytar xidmətləri) vergidən azad edilir.
Təhsillə bağlı xərclər də vergiyə cəlb edilmir. Hətta təhsiliniz əsas fəaliyyət sahənizlə bağlı olsa belə, təhsilə çəkdiyiniz xərclər üçün vergi ödəmirsiniz.
Bundan əlavə, avstraliyalı öz biznesini evində yaradıbsa, elektrik, qaz, su və sığorta hesablarının bir hissəsini biznesin ayağına yaza bilər.