MƏDƏNİYYƏT


Avstraliyanın “4MBC Classic FM” radiosunun jurnalı
Azərbaycan tarının vurğunu Con Varney haqda məqalə yayıb

Kanberra, 28 may, AZƏRTAC

Avstraliyanın “4MBC Classic FM” radiosunun eyniadlı jurnalı Azərbaycan tarının vurğunu olan Con Varney haqda məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, jurnalist Nik Quroviçin “Musiqinin vurğunu” adlı məqaləsində avstraliyalı musiqiçi Con Varneyin Azərbaycan tarında ifa etməyi necə öyrənməsi, bu məqsədlə ölkəmizə səfərləri barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, 2018-ci ildə ilk dəfə Azərbaycana səfər edən C.Varney musiqi pedaqoqlarının konfransına qatılmaqla yanaşı, axşam saatlarında Azərbaycan musiqisindən ibarət konsertə də tamaşa edib. Həmin konsertdə populyar xalq mahnıları, köklü şəkildə Azərbaycan janrında improvizə edilmiş klassik musiqi, muğam və hətta caza belə qulaq asıb. Müxtəlif musiqi janrlarının yaratdığı güclü təsir, sözün həqiqi mənasında onu valeh edib. Burada həm Qərbi Avropa, həm rus, həm fars, həm türk və həm də muğam, bununla yanaşı, milli geyimdə olan rəqqasların təqdim etdiyi rəqslər vəhdət təşkil etmişdi. Bu əsrarəngiz ölkənin musiqisini öyrənmək məqsədilə C.Varney Brisbenə qayıtmazdan əvvəl özünə bir tar alır. Bu nadir Azərbaycan musiqi alətində ifanı isə yutub kanalındakı çarxlardan öyrənməyə başlayır. Lakin bütün cəhdlərə baxmayaraq, böyük uğur qazana bilmir. Növbəti dəfə Bakıya qayıdan kimi, yerli müəllimdən beş həftə ərzində tarda ifanın sirlərini öyrənir.

Məqalədə qeyd edilir ki, C.Vayner özü ilə götürdüyü musiqi dərslərinin qeydə alındığı videolardan istifadə edərək yalnız altı aydan sonra öz yaddaşı əsasında ilk muğamı ifa etməyə nail olur. Müəllif vurğulayır ki, bu sözləri deyən Conun səsi böyük səyahəti uğurla başa vuran səyyahın sevinc səslərinə daha çox bənzəyir. Məhz bundan sonra onun Azərbaycana etdiyi hər növbəti səfər böyük uğurlarla yaddaşına yazılır. Belə ki, onun Dövlət Kamera Orkestri ilə birlikdə çıxışı milli televiziya ilə birbaşa yayımlanır.

Ötən dövrdə onun Azərbaycan dilini öyrəndiyi və son səfərində yerli televiziya kanalının “Səhər” proqramına çıxdığı da avstraliyalı oxucuların diqqətinə çatdırılır. Burada onun milli musiqini və mədəniyyəti öyrənməsi barədə məlumat verdiyi, ifa zamanı musiqidən təsirlənən aparıcının da ona qoşulması haqda bildirilir. Qeyd edilir ki, Avstraliyada tar dinləyicilərinin az olduğunu nəzərə alan C.Varney uyğun Azərbaycan mahnılarını seçərək onları oranjirovka edərək, bu nömrələri özünün kontrabas üçün repertuarına daxil edir.

Məqalədə C.Vaynerin doğulub böyüdüyü ailədən, “Diksilend” caz qrupunda gitarada çalan atasının təsiri ilə musiqiyə bağlanmasından, kontrabasda peşəkar səviyyədə ifa üçün İtaliyaya səfər edərək burada məşhur musiqiçilərdən dərs almasından da ətraflı bəhs olunur.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.