DÜNYA
Avstraliyanın Baş naziri: “Facebook” tərəfindən tətbiq edilən məhdudiyyətlər ölkəmiz üçün təhdiddir
Tokio, 20 fevral, AZƏRTAC
Avstraliyanın Baş naziri Skott Morrison “Facebook” tərəfindən ölkə ərazisində tətbiq edilən məhdudiyyətləri hökumətin media məkanı üçün hazırladığı kodeksin qəbuluna qarşı təhdid adlandıraraq, bu şirkəti danışıqlar masasına qayıtmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə cümə günü jurnalistlərin qarşısında çıxış edərkən bildirib.
“Bura Avstraliyadır, əgər siz burada biznesinizi davam etdirmək istəyirsinizsə, bizim qaydalarla işləməlisiniz. Bu, ağıllı addımdır. Lakin saytları bağlamaq bir növ təhdiddir və onların tərəfindən atılan heç də yaxşı addım deyil. Bunun üzərindən sürətlə aşaraq danışıqlar masasına qayıtmaq və anlaşılmazlığı həll etmək lazımdır”, - deyə Baş nazir bildirib. O əlavə edib ki, Avstraliya media bazarı üçün kodeksi həyata keçirmək niyyətindən imtina etməyəcək.
S.Morrison əlavə edib ki, hazırda Böyük Britaniya, Hindistan və Kanada liderləri Avstraliyada baş verənləri və “Facebook”un ölkədə KİV-lə bağlı kodeksin tətbiqinə reaksiyasını diqqətlə izləyirlər.
Xatırladaq ki, fevralın 18-də “Facebook” administrasiyası Avstraliyadakı bütün istifadəçilər üçün yerli və beynəlxalq xəbərləri dərcetmə, baxma və yayımlama imkanlarını dayandırıb. Bu məhdudiyyət media ilə əlaqəli olmayan digər müəssisə və təşkilatları da əhatə edib. Bir sıra regional nazirliklərin, müəssisələrin, dövlət xidmətlərinin və sosial, hüquq müdafiəçisi və xeyriyyəçi təşkilatların səhifələri bloka salınıb. Bir müddətdən sonra “xəbərlər” anlayışına çox geniş mənada yanaşdığını etiraf edən bu sosial şəbəkə təsadüfən dayandırılmış səhifələrin işini bərpa edib.
Qeyd edək ki, Avstraliya parlamenti hazırda rəqəmsal platformaların KİV-lərlə kommersiya münasibətlərini tənzimləyəcək kodeksi müzakirə edir.
“Facebook”un Avstraliya və Yeni Zelandiya üzrə icraedici direktoru isə bəyan edib ki, bu qanun onları istəmədikləri kontentə görə ödəniş etməyə məcbur edəcək. Onun rəyinə görə, yeni kodeks hökumətə kimin və hansı müqavilələri imzalamasına, kimin nə qədər ödəniş edəcəyinə müdaxilə etməsinə şərait yaradacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio