DÜNYA
Avstraliyanın Baş naziri: Ölkədə terror təhlükəsi aktual olaraq qalır
Tokio, 10 noyabr, AZƏRTAC
Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib ki, ölkədə terror təhlükəsi əvvəllər olduğu kimi, hələ də aktual olaraq qalır və o, ölkənin dini liderlərini buna qarşı fəal mübarizəyə çağırıb.
AZƏRTAC-ın məlumatına görə, jurnalistlər qarşısında çıxış edən S.Morrison qeyd edib ki, ölkədə terror təhlükəsi hələ də qalmaqda davam etsə də, avstraliyalılar onların ruhuna qorxu hissinin hakim kəsilməsinə yol verməyəcəklər.
Baş nazir bildirib ki, bu təhlükəyə görə ən böyük məsuliyyət Avstraliyanın İslam dini liderlərinin üzərinə düşür. “Onlar çox diqqətli olaraq öz icmalarını təhlükəli nəzəriyyələrdən qorumalıdırlar və qabaqlayıcı addımlar atmalıdırlar”, -deyə S.Morrison vurğulayıb.
Xatırladaq ki, noyabrın 9-da Melburnda baş verən hadisə zamanı terror aktına cəhd edən şəxs polislər tərəfindən zərərsizləşdirilib.
Hökumət orqanlarının bildirdiyinə görə, hücum edən Hasan Xəlif Şir Ali İŞİD qruplaşması ilə əlaqəli olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio