DÜNYA
Avstraliyanın Baş naziri gələn həftə Yaponiyaya səfər edəcək
Tokio, 15 noyabr, AZƏRTAC
Avstraliyanın Baş naziri Skott Morrison gələn həftə Yaponiyaya rəsmi səfəri zamanı yapon həmkarı Yoşihide Suqa ilə görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə S.Morrisonun özü məlumat verib. Avstraliyanın Baş naziri Y.Suqa sentyabrda hökumətin başçısı seçildikdən sonra Yaponiyaya səfər edəcək ilk əcnəbi dövlət başçısı olacaq.
Noyabrın 19-da Tokioya səfər edəcəyini bildirən S.Morrison burada iki gün qalacağını da qeyd edib. Əlavə edib ki, Y.Suqa ilə görüşü zamanı iki ölkə arasında ticari əlaqələrin dərinləşməsi və ikitərəfli biznes səfərlərin bərpası barədə müzakirələr aparacaq.
Avstraliyanın Baş naziri, həmçinin jurnalistlərə deyib ki, son illər Avstraliya ilə Yaponiya arasında münasibətlər yüksələn xətlə inkişaf edib. Strateji tərəfdaş olan bu iki ölkə ticarət, təhlükəsizlik və müdafiə sahələrində sıx əməkdaşlıq edirlər.
Bununla yanaşı, son vaxtlar Çin ilə münasibətlərdə gərginlik yaşayan Avstraliyanın Yaponiya ilə əməkdaşlığı gücləndirməyə çalışdığı da qeyd edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio