DÜNYA
Avstraliyada helikopterin qəzaya uğraması nəticəsində ölənlər var
Tokio, 4 iyul, AZƏRTAC
Avstraliyanın qərbində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb, daha iki nəfər ağır xəsarət alıb.
AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, “Robinson R44” helikopteri Brum yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.
Yerli polisin yaydığı məlumata görə, helikopterdə olan kişi aldığı yaralardan hadisə yerində keçinib. Təqribən 11 yaşlarında olan qız isə Brum xəstəxanasına çatdırıldıqdan sonra həyatını itirib. Helikopterin sərnişinləri olan qadının və digər uşağın vəziyyətinin çox ağır olduğu və onların axşam saatlarında Pert şəhərinə aparılacağı bildirilir.
Şahidlər qəzadan əvvəl güclü partlayış səsi eşitdiklərini bildirdiblər.
Avstraliya Nəqliyyatda Təhlükəsizlik Bürosunun bildirdiyinə görə, qəzanın səbəblərinin araşdırılması üçün Bruma təhqiqatçılar göndəriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio