QAN YADDAŞI
Avstraliyanın Melburn şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Melburn, 24 fevral, AZƏRTAC
Avstraliyanın Melburn şəhərində Viktoriya Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Melburnda yaşayan Azərbaycan icmasının üzvləri, diplomatik korpusun əməkdaşları, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İngilis və rus dillərinə tərcümə edilən “Ölüm dəhlizi” adlı poema tədbir iştirakçılarına paylanıb.
“Xocalıya Ədalət!” sənədli filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı diplomatik nümayəndəliyinin rəhbəri Ramil Qurbanov qeyd edib ki, Xocalı faciəsi Ermənistan dövlətinin Azərbaycana və xalqımıza qarşı təcavüzkar siyasətinin tərkib hissəsidir. Məhz bu siyasət beynəlxalq hüquq normalarının və prinsiplərinin, insan hüquqlarının pozulmasına səbəb olub. Diplomatımız xatırladıb ki, ermənilər tarixboyu xalqımıza qarşı törətdikləri qırğınlarla Azərbaycan ərazilərinin işğalına can atıblar.
Türkiyənin Avstraliyanın Melburn şəhərindəki baş konsulu Arif Əsər Torun çıxış edərək bildirib ki, Xocalı faciəsi yalnız Azərbaycanın deyil, həmçinin Türkiyənin faciəsidir və həmin qanlı hadisələr zamanı ermənilər tərəfindən törədilən vəhşiliklər Türkiyə cəmiyyətinə də güclü təsir göstərib.
Tədbirdə çıxış edən Türkiyə konsulluğunun katibi Yaqub Əroğlu isə Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin pisləyərək, Dağlı Qarabağın və ətraf rayonların tezliklə azad ediləcəyinə əminliyini bildirib.
Faciənin mahiyyəti barədə Tomas De Valın müəllifi olduğu ingilis dilində yazılmış “Black garden” kitabı da tədbirdə nümayiş olunub. Qeyd edilib ki, burada əksini tapmış faktlar hadisələrin əsil mahiyyətinin dərk olunması baxımından çox əhəmiyyətlidir.
Tədbirin sonunda təşkilatçılar adından iştirakçılara minnətdarlıq ifadə edilib, bildirilib ki, belə müzakirələr Xocalı soyqırımı kimi hadisələrin bir daha təkrar olunmaması baxımından xüsusi əhəmiyyətə malikdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Melburn