SİYASƏT


Avstraliyanın tanınmış araşdırma mərkəzi Azərbaycanın uğurlarından bəhs edən geniş məqalə yayıb

Kanberra, 26 iyun, AZƏRTAC

Avstraliyanın tanınmış “Lowy Institute” araşdırma mərkəzinin jurnalında Azərbaycanın uğurlarından bəhs edən geniş məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, müəllifi Nina Markociç Haze olan məqalədə ölkəmizin keçmiş Sovet İttifaqı dağıldıqdan sonra qarşılaşdığı çətinliklərdən, lakin buna baxmayaraq qazandığı böyük uğurlardan ətraflı bəhs olunur. Qeyd edilir ki, müasir geosiyasi dəyişikliklər mövcud tərəfdaşlıqdan daha böyük mənfəət əldə etməyə şərait yaradır. Bu mənada Avstraliya ilə Azərbaycan arasında münasibətlərin inkişafı hər iki tərəf üçün faydalı olmaqla yanaşı, həm də sıx dostluq münasibətlərinin formalaşmasına şərait yaradır.

Məqalədə tarixə ekskurs edən müəllif Azərbaycanın “qara qızıl” hesab olunan neft ilə yanaşı, qara kürünün də dünya paytaxtı olduğunu xüsusi vurğulayır. Bildirir ki, bu ölkəni bütün dünyaya tanıdan digər məqam isə 2020-ci ilin payızında baş verən Vətən müharibəsi zamanı Azərbaycanın 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarının azad edilməsidir.

Qeyd olunur ki, 1992-ci ildən BMT-nin üzvü olan Azərbaycan özünün yeni beynəlxalq imicinin yaradılmasına başlayıb və tərəqqipərvər müsəlman ölkəsi olaraq, İsraillə sonradan strateji tərəfdaşlıq səviyyəsinə qalxan diplomatik münasibətlər qurub. Hazırda ölkəmizin İsrailin neft təminatının 40 faizini verdiyi, bununla yanaşı həyati əhəmiyyətli digər xammal növlərinin təchizatında mühüm rol oynadığı qeyd edilir.

Məqalədə Azərbaycanın beynəlxalq təşkilatlar səviyyəsində də fəal çalışdığı, xüsusən Qoşulmama Hərəkatına çox uğurlu sədrliyi məsələsinə də diqqət yönəldilir. Ölkəmizin bu hərəkatda mühüm rolu nəzərə alınaraq, onun sədrliyinin daha bir il müddətinə uzadıldığı xüsusi vurğulanır.

Məqalədə Azərbaycanın Avstraliya ilə münasibətlərinə də xüsusi diqqət yetirilir. Bildirilir ki, diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd oldunduğu cari ildə iki ölkə arasında iqtisadi əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Avstraliya ilə Azərbaycan arasında ticarət və xidmət sahələrində böyük potensial var və bu, gələcəkdə investisiyaların və innovasiyaların tətbiqi üçün geniş imkanlar açır. Bu mənada Azərbaycanın geostrateji mövqeyinə diqqət çəkən müəllif, ölkəmizin Avropa ilə Asiya arasında nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsini xüsusi vurğulayır. Bildirir ki, Avstraliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin hazırkı durumu və mövcud geosiyasi atmosfer iki ölkə arasında münasibətlərin inkişafı üçün əlverişli şərait yaradır.

Yazıya F1 Azərbaycan Qran-Prisinə qatılan avstraliyalı pilot Daniel Rikardonun idarə etdiyi bolidin Qoşa Qala qapısı qarşısında fotosu da əlavə edilib.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.