DÜNYA
Avstriya Avropa Ədalət Məhkəməsinə şikayət edib
Vyana, 8 oktyabr, AZƏRTAC
Avstriya hökuməti nüvə enerjisi və təbii qazın “yaşıl” investisiya kimi dəyərləndirilməsinə qarşı Avropa Ədalət Məhkəməsinə şikayət edib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da qətnamədən şikayət etmək üçün son gün olduğunu nəzərə alaraq, Avstriya hökuməti təkbaşına bu işi görüb. Avropa İttifaqı(Aİ) ölkələri arasında yalnız Lüksemburq Avstriyanın şikayətinə qoşulmaq niyyətini ifadə edib. Digər Aİ ölkələrinin əksəriyyəti bu ilin fevral ayında qəbul edilmiş qətnaməni dəstəkləyir.
Avstriyanın ekologiya naziri Leonora Qevessler şikayətlə bağlı açıqlamasında hər iki yanacaq növünü nə davamlı, nə də “yaşıl” hesab edir. Beynəlxalq ekspertlərin rəylərinə söykənən müraciətin detalları rəsmi şikayət müddəti başa çatdıqdan sonra açıqlanacaq.
Qətnamənin mahiyyəti ilə yanaşı, Avstriya tərəfi bunun formal olaraq da məqbul hesab etmir. Bildirilir ki, Aİ ölkələrinə bu qətnamə ətrafında müzakirələr aparmaq üçün kifayət qədər vaxt verilməyib. Digər tərəfdən isə Avropa Komissiyasının enerji daşıyıcıları ilə əlaqədar bu dərəcədə ciddi siyasi qərar verə bilmək səlahiyyətində olmadığı iddia olunur.
Qeyd edilməlidir ki, fevral ayında qəbul edilmiş taksonomiya qətnaməsində Avropa Komissiyası nüvə enerjisi və təbii qazı “yaşıl” investisiya kimi qiymətləndirib. Qətnamə ilə gələcəkdə hansı maliyyə investisiyalarının iqlim üçün zərərsiz olduğu müəyyən edilir. Bu ekoloji dönüş üçün tələb olunan milyardlarla vəsaitin səfərbər edilməsi və 2050-ci ildə Aİ-nin iqlim neytrallığına nail olmasına yol açmaqdır. Aİ-nin hesablamalarına görə, bu məqsədə çatmaq üçün hər il 350 milyard avro həcmində özəl sektorun investisiyalarına ehtiyac var.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana