DÜNYA


Avstriya Avropa İttifaqının COVID-19 fondundan 3,5 milyard avro alacaq

Vyana, 22 iyun, AZƏRTAC

Avropa İttifaqının (Aİ) koronavirus əleyhinə yenidənqurma proqramı təsis edildikdən təxminən bir il sonra Avstriyaya ölkə iqtisadiyyatının dirçəldilməsi üçün bu fonddan 3,5 milyard avro vəsait veriləcəyi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı hazırda Vyanada səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen və Avstriyanın Federal Kansleri Sebastian Kurts birgə mətbuat konfransında elan ediblər. Bildirilib ki, Avstriyanın təqdim etdiyi inkişaf planı gələcəyə yönəlmiş hədəflərə xidmət edir və ölkənin böhrandan güclənərək çıxmasına imkan verəcək. İnkişaf planı hələ Aİ ölkələri şurası tərəfindən də formal olaraq təsdiqlənməlidir və bundan sonra ümumi vəsaitlərin 450 milyon avro həcmində ilk tranşı Avstriyanın sərəncamına veriləcək. Təqdim ediləcək sərmayənin 59 faizi ətraf mühitin mühafizəsi məqsədləri üçün sərf ediləcək, ətraf mühitlə yanaşı rəqəmsallaşma da əsas inkişaf hədəfləri sırasında yer alacaq.

Qeyd edilməlidir ki, Aİ ölkələri tərəfindən ötən ilin yayında koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması üçün yaradılan inkişaf proqramı (“Next Generation EU”) ümumilikdə 750 milyard avro büdcəyə malikdir və İkinci Dünya müharibəsindən sonra həyata keçirilən “Marşal Planı”ndan bəri Avropada ən böyük konyunktur proqramı sayılır. Proqram çərçivəsində iqtisadiyyatın pandemiyadan sonra dirçəldilməsi və müasirləşmə layihələri ön planda dayanır. Fond vəsaitlərinin bir hissəsi ölkələrə subsidiya, digər hissəsi isə kredit şəklində təqdim olunacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.