SİYASƏT
Avstriya Azərbaycanlıları Cəmiyyəti Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini pisləyib
Vyana, 7 oktyabr, AZƏRTAC
Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyətində (AAC) sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti təxribat, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və buna qarşı görülən adekvat tədbirlərə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Zalsburq, Lins, İnsbruk, Sankt-Pölten və digər şəhərlərində yaşayan soydaşlarımızın, türk diasporunun təmsilçilərinin və Avstriya ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Ermənistanın Azərbaycana qarşı təxribatı və günahsız insanların ölümü ilə nəticələnən müharibə cinayətləri qətiyyətlə pislənilib.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəbhəyanı ərazilərdə yaşayan dinc sakinlər və mülki infrastrukturu müdafiə etmək məqsədilə əks-hücum tədbirlərinə başlayıb. Prezident, Ali Baş Komandan İlham Əliyev öz açıqlamalarında dəfələrlə qeyd etdiyi kimi, Ermənistan regionda sabitliyə böyük təhlükə törədir, öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarını çıxarmalı, ölkəmizin beynəlxalq hüquqla tanınan sərhədləri və suverenliyi ən qısa zamanda bərpa olunmalıdır.
Tədbirdə, həmçinin Azərbaycanın torpaqlarının düşmən tapdağından azad edilməsi zamanı şəhid olmuş hərbçilərin və düşmən atəşi nəticəsində həlak olan mülki sakinlərin xatirəsi anılıb, onların ruhuna dualar oxunub və ehsan verilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana