DÜNYA


Avstriya Bosniya və Herseqovina ilə miqrantların geri göndərilməsi barədə razılıq əldə edib

Vyana, 29 aprel, AZƏRTAC

Avstriya ilə Bosniya və Herseqovina arasında qeyri-qanuni miqrantların geri qəbul edilməsinə dair razılaşma əldə edilib.

AZƏRTAC xəbər verir ki, Qərbi Balkan ölkələrində səfərdə olan Avstriyanın daxili işlər naziri Karl Nehammer bu istiqamətdə fəaliyyət planını Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Selmo Çikotiç ilə müzakirə edib və niyyət protokolu imzalayıb. Protokola əsasən, bu ölkədən keçməklə Avstriya ərazisinə daxil olmuş qaçqınlar yaxın gələcəkdə çarter reysləri ilə Bosniyaya göndərilməlidirlər.

K.Nehammar mətbuata verdiyi açıqlamada qeyd edib ki, öz növbəsində Bosniya və Herseqovina da qanunsuz miqrantların hərəkət marşrutu üzrə geri göndərəcək. Bildirilib ki, qaçaqçılara minlərlə avro ödəyən insanlar Avropa İttifaqı ərazisində qalma hüququ əldə etmək üçün verilən saxta vədlərə inanmamalıdırlar. Fəaliyyət planı yaxın gələcəkdə insan qaçaqlığı ilə məşğul olan cinayətkar dəstələrin işini daha da çətinləşdirəcək.

Səfər çərçivəsində K.Nehammer ölkəsinin Bosniya ərazisində yerləşən Lipa qaçqın düşərgəsinin qışa hazırlanması üçün yarım milyon avro vəsaitin ayıracağını ifadə edib.

Avstriyadakı insan haqlarını müdafiə təşkilatları K.Nehammerin səfərini və əldə etdiyi razılaşmaları tənqid ediblər. Bildirilib ki, nazir Avstriyada qalma hüququndan məhrum edilən miqrantların ölkənin təhlükəsizliyinə təhdid kimi dəyərləndirməsi insan haqlarına ziddir və onların digər ölkələrə geri göndərilməsi yolverilməzdir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.