QAN YADDAŞI


Avstriya Mətbuat Agentliyi 20 Yanvar faciəsi barədə məqalə yayıb

Vyana, 20 yanvar, AZƏRTAC

Avstriya Mətbuat Agentliyinin (APA) saytında Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxan, müstəqilliyə aparan yolda dönüş nöqtəsi, şərəf və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Qara Yanvar ərəfəsində cərəyan edən hadisələrə nəzər salınıb. Qeyd edilib ki, hələ 80-ci illərin sonunda erməni millətçiləri Azərbaycana qarşı ərazi iddiaları qaldırmış və yüz minlərlə azərbaycanlını Ermənistan ərazisindən qovmuşdular. Məhz həmin dövrdə Azərbaycan xalqı 70 il tərkibində olduğu sovet imperiyasından ayrılaraq müstəqilliyə can atırdı. Azərbaycanın böyük şəhərlərində insanlar ermənilərin ərazi iddialarına və eyni zamanda, o vaxtkı sovet rəhbərliyinin baş verənlərə göz yummasına etiraz edirdilər. Milli azadlıq hərəkatını beşikdə boğmağa qərar verən sovet hökuməti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gücə Bakıya qoşun yeritdi. Dinc əhaliyə qarşı göndərilən ordu 147 günahsız insanı qətlə yetirdi. Ölənlərin bir hissəsi isə siyasi hadisələrdən kənarda olan şəhər sakinləri idi. Həmin hadisələr zamanı 744 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı, 841 nəfər isə həbs edildi.

Sovet rejimi Bakıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliyi hər vəchlə dünya ictimaiyyətindən gizlətməyə çalışsa da, buna müyəssər ola bilmədi. Beynəlxalq mətbuat orqanları və vətəndaş cəmiyyəti təşkilatları bu hadisələrin xalqın iradəsini qırmağa hesablandığını, kollektiv cəza metodu kimi tətbiq olunduğunu, lakin bununla belə sovet sistemini çökdürmə potensialı daşıdığını yazırdılar.

Güc tətbiq etməsinə baxmayaraq, kommunist hökuməti öz məqsədlərinə nail ola bilmədi və Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini elan etdi. Məqalədə diqqətə çatdırılıb ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün olduqca ağır dövr olub, Dağlıq Qarabağa iddialarını aktiv müharibə mərhələsinə keçirən Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Müharibənin ağır nəticələrinə rəğmən Azərbaycanda ötən dövr ərzində güclü iqtisadiyyata malik müasir dövlət qurulub və hazırda Cənubi Qafqazda ən inkişaf etmiş ölkə olmaqla yanaşı, öz coğrafi mövqeyinə görə bir sıra beynəlxalq nəqliyyat koridorlarının kəsişmə nöqtəsinə çevrilib.

Daha sonra qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə 30 ilə qədər davam edən danışıqlar heç bir səmərə verməyib və Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan bu əməlinə görə cəzasız qalmasından daha da ürəklənərək Azərbaycana qarşı təxribatların sayını artırıb. Bu təxribatların nəticəsində ötən ilin sentyabr ayında başlanan 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüquqa söykənərək öz ərazilərini işğaldan azad edib və ölkənin ərazi bütövlüyünün bərpasına nail olub.

Məqalənin sonunda qeyd edilib ki, Azərbaycan xalqı Vətənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün övladlarının xatirəsini əziz tutur və onları heç zaman unutmayacaq. Hər il olduğu kimi, bu il də dünyanın hər tərəfində yaşayan azərbaycanlılar 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canından keçən bütün oğul və qızlarının xatirəsini yad edir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.