DÜNYA
Avstriya Milli Bankı 500 avroluq əsginasların təkrar tədavülə buraxılmasını dayandırıb

Vyana, 26 aprel, AZƏRTAC
Avropa Mərkəzi Bankının ən yüksək nominallı pul nişanı olan 500 avro əsginaslarının ötən il istehsalı dayandırıldıqdan sonra onların banklar tərəfindən təkrar tədavülə buraxılması da başa çatıb.
AZƏRTAC Avstriya Milli Bankına istinadla xəbər verir ki, aprelin 26-dan etibarən bank tərəfindən 500 avro əsginaslarının təkrar tədavülünə son qoyulub. Milli Bankdan vətəndaşlara verilən məlumata görə, müştərilər qeyd olunan əsginasların dövriyyəsi ilə bağlı narahat olmamalıdırlar. Bu əsginaslar qanuni ödəmə vasitəsi olaraq dövriyyədə qalır və müştərilər həmin əsginaslardan bundan sonra da istifadə edə biləcəklər.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı 2016-cı ilin mayında 500 avro nominallı əsginasların istehsalının dayandırılması ilə bağlı qərar qəbul etmişdi. Avrozonaya daxil olan ölkələrin əksəriyyəti bu ilin yanvarında təkrar tədavülə son qoysalar da, Avstriya Mərkəzi Bankı və Almaniya Federal Bankı son tədavül tarixi kimi aprelin 26-nı müəyyən etmişdilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana