ELM VƏ TƏHSİL
Avstriya Mübadilə Xidmətinin rəhbəri azərbaycanlı rektorun təkliflərini müsbət qarşılayıb
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Avstriya Mübadilə Xidmətinin rəhbəri Stefan Zotti ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən K.Abdulla avstriyalı tələbələri və alimləri ADU-da daha çox görmək arzusunda olduğunu deyib. Rektor vurğulayıb ki, avstriyalı alimlərlə birgə elmi konfranslar, “dəyirmi masa”lar təşkil etmək qarşılıqlı faydalı əməkdaşlığa ciddi töhfə verə bilər.
ADU-da Avstriya Mərkəzinin fəaliyyət göstərdiyini bildirən K.Abdulla Avstriya universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması üçün müəyyən addımlar atılmasının vacibliyini qeyd edib.
S.Zotti Avstriya ilə Azərbaycan arasında akademik səviyyədə daha yaxşı əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib.
Avstriya Mübadilə Xidmətinin rəhbəri ADU-nun rektorunun təkliflərini müsbət qarşılayıb. O, bu təkliflərin reallaşması üçün əməli addımlar atılmasının vacib olduğunu deyib.