DÜNYA
Avstriya Prezidenti yeni hökumətin tərkibini təsdiqləyib
Vyana, 16 dekabr, AZƏRTAC
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen yeni hökumətin tərkibini təsdiqləyib.
Dekabrın 15-də konservativ Avstriya Xalq Partiyası (ÖVP) və sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) koalisiya danışıqlarını başa çatdırdıqdan sonra dekabrın 16-da hər iki partiyanın rəhbəri Prezidentə danışıqların nəticəsi, yeni hökumətin proqramı və tərkibi barədə məlumat verib. Yeni hökumətin tərkibinə “yaşıl işıq” verən A. Van der Bellen gələn həftənin əvvəlində hökumətin andiçmə mərasimi üçün heç bir maneənin olmadığını bildirib.
Bununla da Avstriya Xalq Partiyasının 31 yaşlı sədri Sebastian Kurts ölkə tarixində ən gənc federal kansler olacaq. Ədliyyə, iqtisadiyyat, maliyyə, Avropa İttifaqı məsələləri, media, incəsənət və mədəniyyət, qadın və ailə məsələləri, təhsil, kənd təsərrüfatı və ətraf mühit nazirliklərinə onun partiyasının kadrları rəhbərlik edəcəklər.
Daxili işlər, müdafiə, xarici işlər, infrastruktur və nəqliyyat, səhiyyə və sosial məsələlər nazirlikləri isə koalisiyanın kiçik tərəfdaşı Avstriya Azadlıq Partiyasının sərəncamında olacaq. Bu partiyanın rəhbəri Haynts-Kristian Ştraxe vitse-kansler postunu tutacaq, həmçinin idman və məmurlar üzrə məsələlər onun səlahiyyətləri daxilində olacaq.
Yeni hökumətin tərkibində ümumilikdə 14 nazir və iki dövlət katibi postu olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana