DÜNYA


Avstriya Xorvatiya ilə bağlı ən yüksək səyahət xəbərdarlığı elan edib

Vyana, 15 avqust, AZƏRTAC

Avstriya hökuməti avqustun 17-dən etibarən Xorvatiya ilə bağlı ən yüksək (6-cı pillə) səyahət xəbərdarlığı elan edib.

AZƏRTAC xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda vətəndaşları bu ölkəyə vacib olmayan səfərləri təxirə salmaq, eləcə də hazırda orada olan şəxslərə ən qısa zamanda geri dönməyi tövsiyə edib. Xəbərdarlığa əsas səbəb Xorvatiyada yeni növ koronavirusa yoluxanların sayının kəskin artması (son sutka ərzində 208 nəfər), xüsusilə də həmin ölkədən Avstriyaya geri dönən şəxslərdə yoluxma hallarının aşkarlanmasıdır.

Ötən iki ay ərzində gündəlik yoluxma sayı 30-100 arasında dəyişən Xorvatiyada infeksiyanın sürətlə yayılması Avstriya qurumlarını təşvişə salıb. Avqustun 13-də Avstriyanın Karintiya federal əyalətində 22 yeni yoluxma halının 16-sının birbaşa Xorvatiya ilə əlaqəli olması da XİN-in qərarına təsir göstərib. Eyni zamanda, qeyd edilməlidir ki, bu il yay mövsümündə dəniz kənarında tətilə üstünlük verən avstriyalı turistlərin əsas seçimi Xorvatiya olub. Həmin ölkədə xəstəliyə yoluxanların sayının çoxalması virusun turistlər vasitəsilə qonşu ölkələrdə, eləcə də Avstriyada yayılmasını sürətləndirə bilər.

Ən yüksək, yəni, 6-cı dərəcəli səyahət xəbərdarlığı Xorvatiyanı tərk etməyə və ya oraya səfər etməməyə dair rəsmi çağırışdır. Xorvatiyadan Avstriyaya geri dönən şəxslər mütləq qaydada 14 günlük özünü təcrid etməli və ya testdən keçməlidirlər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.