DÜNYA
Avstriya XİN Avropa ölkələrini Çinlə münasibətləri yenidən nəzərdən keçirməyə çağırıb
Vyana, 19 mart, AZƏRTAC
Avstriyanın xarici işlər naziri Karin Knayssl Avropa İttifaqının (Aİ) Çinlə münasibətlərində strateji və geosiyasi düşüncənin yetərincə olmamasını tənqid edib.
AZƏRTAC xəbər verir ki, Aİ ölkələri XİN rəhbərlərinin Brüsseldə keçiriləcək növbəti məsləhətləşmələri öncəsi avstriyalı nazir Brexit ilə əlaqədar böyük vaxt və enerjinin hədər getdiyinə təəssüflənib: “Biz il yarımdan artıqdır ki, diqqətimizi həqiqətən də böyük problemlərə yönəltmək əvəzinə, bir mövzu ətrafında öz başını qatma fəaliyyəti göstəririk”.
Nazirin sözlərinə görə, Aİ “torbadakı noxudları saymaq” əvəzinə, beynəlxalq müstəvidə gedən böyük geosiyasi dəyişikliklərə diqqət ayırmalıdır. İldən-ilə Asiya-Sakit Okean məkanının beynəlxalq çəki və nüfuzu artmaqdadır, Çin artıq bir çox sahələrdə təkcə sərmayədar olaraq qalmır, sanballı geosiyasi fiqura çevrilib. Avropanın məhz bu yarışmada qaliblər arasında yer ala bilməsi üçün ağıllı və sürətli addımlar atılmalı, rəqabət siyasətinin əsas istiqamətləri müəyyən edilməli, eləcə də Avropa Komissiyası ilə Aİ üzv ölkələri arasında əməkdaşlığın səmərəliliyi artırılmalıdır.
Nazir bildirib ki, Çinin dövlət konsernlərinin kreditor kimi qatıldığı layihələri nəzərdən keçirdikdə bu cür iştirakın yalnız maliyyə deyil, həmçinin geosiyasi aspektləri də göz önündə saxlanılmalıdır. K.Knayssl bu şərtlərə əsasən, Aİ qurumlarını və üzv dövlətləri daha yaxşı tandem şəklində çalışmağa çağırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana