DÜNYA
Avstriya daha üç Avropa ölkəsi ilə bağlı ən yüksək səyahət xəbərdarlığı elan edib
Vyana, 8 iyul, AZƏRTAC
Avstriya hökuməti daha üç Avropa ölkəsi (Bolqarıstan, Rumıniya və Moldova) ilə bağlı ən yüksək səyahət xəbərdarlığı elan edib.
AZƏRTAC xəbər verir ki, Avstriya Nazirlər Kabinetinin iclasında qəbul edilmiş qərar bu ölkələrdəki yoluxma hallarının artması ilə əlaqələndirilib. Avstriya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda Avstriya vətəndaşlarına bu ölkələrə vacib olmayan səfərləri təxirə salmaq, eləcə də hazırda bu ölkələrdə olan şəxslərə ən qısa zamanda geri dönmək tövsiyə edilib.
Nazirlər Kabineti öz iclasında, həmçinin ölkənin şərq (Macarıstan) və cənub (Sloveniya) sərhədlərində nəzarətin gücləndirilməsi ilə bağlı qərar qəbul edib. Qərbi Balkan ölkələrində yoluxma hallarının artmasını nəzərə alaraq, sərhəd-keçid məntəqələrində yaxın həftələrdə 1800 polis əməkdaşının xidmət göstərməsi nəzərdə tutulur. Polis qüvvələrinə Balkan regionundan geri qayıdan bütün avtomobilləri və eləcə də bütün səyahət avtobuslarını istisnasız olaraq yoxlamaq barədə tapşırıq verilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana