DÜNYA


Avstriya hökuməti BMT-nin Qlobal Miqrasiya Paktını imzalamayacaq

Vyana, 1 noyabr, AZƏRTAC

ABŞ və Macarıstanın ardından Avstriya da BMT-nin Qlobal Miqrasiya Paktını imzalamayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin oktyabrın 31-də keçirilən iclasında qəbul olunub. Koalisiyalı hökumətdə təmsil olunan partiyalar tərəfindən bu addımın ölkənin suverenliyini qorumaq məqsədi daşıdığı bildirilib.

Qeyd edək ki, bu ilin ilk yarısında BMT-yə üzv ölkələrin hökumətləri səviyyəsində razılaşdırılan Qlobal Miqrasiya Paktı bu il dekabrın 10-11-də Mərakeşdə keçirilən konfransda imzalanmalı idi. 34 səhifəlik qeyri-icbari sənəd gələcəkdə qaçqın axınlarının daha yaxşı təşkilinə və qaçqınların hüquqlarının daha yaxşı qorunmasına kömək etməlidir. Paktda, həmçinin qeyd edilir ki, bu sənədlə üzv ölkələrin suverenliyinə və qaçqınlarla bağlı milli siyasətinin müstəqil təşkil edilməsinə müdaxilə olunmur, həmçinin bu pakt beynəlxalq hüquqla heç bir icbari funksiya daşımır.

Paktın layihəsi iyul ayında qəbul edilərkən Avstriya sənədin lehinə olsa da, sonradan koalisiyalı hökumətdə təmsil olunan Avstriya Azadlıq Partiyasının rəhbərliyi bu paktın hökumətin qaçqın və miqrasiya siyasətinə təsir edəcəyini əsas gətirib və koalisiya tərəfdaşı Avstriya Xalq Partiyasını pakta qoşulmamağa razı salıb.

Avstriyanın müxalifət partiyaları isə hökumətin bu addımını ciddi tənqid ediblər. Qeyd edilib ki, sırf partiya maraqlarına xidmət edən hökumət ölkəni dünya siyasəti arenasında rüsvay etməyə nail olub. Xarici işlər naziri olarkən Avstriya adından bu paktın bağlanması üçün danışıqlar aparan Sebastian Kurtz federal kansler olduqdan sonra uğrunda çalışdığı sənədi imzalamaqdan imtina edib.

Avropa Komissiyasının Prezidenti Jank-Klod Yunker isə Avstriya hökumətinin bu addımını təəssüflə qarşıladığını ifadə edib. O bildirib ki, Avropa İttifaqı ölkələri xarici siyasətdə bu kimi məsələlərdə vahid mövqedən çıxış etməlidirlər və yaxın günlərdə Avstriya tərəfi ilə bu mövzuda təmaslarda olacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.