Avstriya hökuməti əhalini Tirol əyalətinə səfərlərdən çəkinməyə çağırıb
AzerTAg.az

Vyana, 9 fevral, AZƏRTAC
Avstriyanın Tirol federal əyalətində koronavirusun B.1.351 mutasiyasına yoluxma hallarının artımını nəzərə alaraq, federal hökuməti ölkə əhalisini bu əyalətə vacib olmayan səfərlərdən çəkinməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, indiyədək Tirolda ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan mutasiyaya 300-dən artıq yoluxma halı qeydə alınıb. Bu vəziyyəti nəzərə alan əyalət hökuməti tədbirlər paketi hazırladığını elan etsə də, bu, federal hökumət üçün yetərli olmayıb və bu federal əyalətlə bağlı səyahət xəbərdarlığı elan olunub. Federal kansler Sebastian Kurts bildirib ki, hazırda qarşıda duran əsas hədəf mutasiyanın bütün ölkə ərazisində yayılmasının qarşısını almaqdan ibarətdir.
Hökumətin qərarında göstərilir ki, son iki həftə ərzində Tirol ərazisində olan şəxslər B.1.351 mutasiyasına yoluxma şübhəsi ilə test edilməlidirlər. Tirol əyalətindən digər əyalətlərə səfər etmək istəyənlərə isə səfərdən öncə mütləq PCR testi vermələri tövsiyə olunub.
Qeyd edək ki, ötən ilin mart ayında Avstriyanın Tirol federal əyaləti koronavirusa yoluxmanın ocaqlarından birinə çevrilmişdi və burada yoluxan bir çox turistlər COVID-19 xəstəliyinin Avropanın digər ölkələrində yayılmasına səbəb olmuşdular. Eyni səhvin bir daha təkrarlanmamasına çalışan Avstriya hökuməti bu dəfə mümkün qədər sərt tədbirlərə əl atmağa çalışır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Xəbərin mətnində orfoqrafik səhv var