DÜNYA


Avstriya hökuməti koronavirusla bağlı müxtəlif gedişatlar üzrə menecment planı hazırlayıb

Vyana, 8 may, AZƏRTAC

Avstriya hökuməti koronavirus pandemiyası başlayandan bəri üçüncü payız mövsümünə hazırlıq üçün 80-dək ekspertin iştirakı ilə müxtəlif gedişatlar üzrə menecment planı hazırlayıb.

AZƏRTAC xəbər verir ki, plan pandemiya gedişatında dörd mümkün ssenarini əhatə edir. Səhiyyə naziri Yohannes Rax bildirib ki, “ideal hal“ adlandırılan ən yaxşı variantda məhdudiyyətlərsiz payız-qış mövsümü, “əlverişli hal”da omikron və delta mutasiyaları olduğu vaxtdakı vəziyyət və qismən məhdudiyyətlər nəzərdə tutulur. “Əlverişsiz hal“ yeni variantların meydana gəlməsi və əvvəlcədən nəzərdə tutulmayan templə inkişafı, ictimai-sosial həyatda məhdudiyyət və qapanmaları tələb edən vəziyyəti göstərir və bu zaman görülməsi tələb olunan tədbirlər paketini özündə ehtiva edir. “Olduqca əlverişsiz hal”da isə yoluxma hallarının yeni dalğaları, xəstəxanaların yüklənməsi və infeksiya hallarının nəzarətdən çıxması kimi ssenaridən bəhs olunur.

Nazir bildirib ki, heç nə etmədən vəziyyətin yaxşı olacağına ümid bəsləməkdənsə, qarşıdakı payız-qış mövsümünə hazırlaşmaq lazımdır. Çünki payızda hansı yeni variantların dövriyyədə olacağını indidən müəyyən etmək mümkün deyil.

Qeyd edilib ki, ssenarilərin hazılanmasında ötən illərin məlumatları önəmli rol oynayıb və menecment planı tam şəkildə iyun ayında hazır olacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.