DÜNYA
Avstriya parlamentinin üzvü Ukrayna üzrə parlamentlərarası dialoq üçün xüsusi nümayəndə təyin edilib
Vyana, 13 may, AZƏRTAC
ATƏT Parlament Assambleyasının (ATƏT PA) prezidenti Marqareta Sederfelt həmin qurumun vitse-prezidenti, Avstriya Parlamentinin üzvü Raynhold Lopatkanın Ukrayna üzrə parlamentlərarası dialoq üçün xüsusi nümayəndə təyin edib.
AZƏRTAC xəbər verir ki, təyinatın məqsədi Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında iki ölkənin parlamentariləri arasında dialoqu inkişaf etdirməkdir. M. Sederfeld R.Lopatkanı dialoqun inkişafı üçün bütün məqsədəuyğun və icrası mümkün imkanları nəzərdən keçirməyə, bu yolla da münaqişənin nizamlanmasına, onun birbaşa və dolayı təsirlərinin aradan qaldırılmasına dəstək göstərməyə çağırıb.
R.Lopatka bildirib ki, hazırda ATƏT və bütün dünya üçün Ukraynadakı müharibədən daha vacib çağırış yoxdur. Buna görə də insan ölümlərini və güc tətbiqini dayandırmaq, kəskin ritorikaya son qoymaq və dialoq ruhuna geri qayıtmaq hamının ən ümdə istəyi olmalıdır.
O qeyd edib ki, münaqişənin nizamlanması əsas əhəmiyyət daşıyan məsələ olsa da, eyni zamanda, suverenlik və ərazi bütövlüyünə hörmət də daxil olmaqla, ATƏT-in Helsinki Yekun Aktının prinsiplərini qüvvədə saxlaması vacibdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana